CASE OF NAMAT ALIYEV v. AZERBAIJAN - [Azerbaijani Translation] by BHM Baku Law Centre and Azerbaijan Law Reform Centre NGO
Karar Dilini Çevir:

İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ

 

BİRİNCİ BÖLMƏ

 

NEMƏT ƏLİYEV AZƏRBAYCANA QARŞI

 

(Şikayət № 18705/06)

 

 

Q Ə R A R

 

STRASBURQ

 

08 aprel 2010-cu il

 

 

Nemət Əliyev Azərbaycana qarşı iş üzrə,

İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,

  Xristos Rozakis, Sədr,

  Nina Vajiç,

  Anatoli Kovler,

  Elizabet Steyner,

  Xanlar Hacıyev,

  Corcio Malinverni

  Qeorqe Nikolau, hakimlər,

və Soren Nilsen, Bölmə Katibi,

18 mart 2010-cu ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:

 

PROSES

 

1. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan cənab Nemət Faiz oğlu Əliyevin («ərizəçi») Azərbaycana qarşı verdiyi şikayət üzrə (№ 18705/06) iş 20 aprel 2006-cı ildə başlanılmışdır.

2. Ərizəçini Bakıda vəkil işləyən cənab İ.Əliyev təmsil edib. Azərbaycan Hökumətini («Hökumət») onun nümayəndəsi Ç.Əsgərov təmsil edib.

3. Ərizəçi, xüsusən iddia etdi ki, onun seçki dairəsində seçkilər sərbəst və ədalətli olmamış və Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi ilə təmin olunduğu kimi, onun seçkidə namizədliyini irəli sürmək hüququ pozulmuşdur, ona görə ki, seçki qanunsuzluqlarına dair şikayətləri müvafiq dövlət orqanları tərəfindən səmərəli araşdırılmamışdır.

4. Birinci Bölmənin Sədri 07 noyabr 2008-ci ildə şikayət barədə Hökuməti məlumatlandırmaq qərarına gəlib. Həmçinin qərara alınmışdır ki, şikayətin mahiyyətinə onun məqbuliyyəti ilə eyni vaxtda baxılsın (Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndi).

 

FAKTLAR

 

I. İŞİN HALLARI

 

5. Ərizəçi 1966-cı ildə anadan olmuş və Bakıda yaşayır.

6. Ərizəçi üzvü olduğu Xalq Cəbhəsi Partiyasının başqa müxalifət partiyalarla birlikdə seçki məqsədilə təşkil etdikləri koalisiyanın, “Azadlıq” müxalifət blokunun namizədi kimi Milli Məclisə 06 noyabr 2005-ci ildə keçirilmiş seçkilərdə iştirak etmişdir. O, Dairə Seçki Komissiyası («DSK») tərəfindən bir mandatlı 93 saylı Bərdə şəhər Seçki Dairəsi üzrə namizəd kimi qeydə alınmışdır.

7. Dairə hər birində bir seçki qutusu olmaqla, qırx iki seçki məntəqələrinə bölünmüşdür. Bu dairədə seçkidə ümumilikdə on səkkiz namizəd iştirak etmişdir. Ərizəçi “Azadlıq” tərəfindən bu dairədə irəli sürülmüş yeganə namizəd olmuşdur.

8. Seçki günündən sonra DSK-nın tərtib etdiyi protokola əsasən ərizəçinin rəqiblərindən biri, Ana Vətən partiyasının üzvü olan Z.O. dairədə səslərin ən yüksək sayını əldə etmişdir. Xüsusən, DSK-nın protokoluna görə, Z.O. 5,816 (41.25 %), ərizəçi 2,001 (14.19 %) və üçüncü namizəd 1,821 (12.91 %) səs toplamışlar. Qalan namizədlərin hər biri üçün səslərin ümumi sayı əhəmiyyətli dərəcədə az olmuşdur.

 

A. Seçki günündə iddia olunan çatışmazlıqlara aid ərizəçinin tələbləri

 

9. 07 və 08 noyabr 2005-ci ildə ərizəçi DSK-ya və Mərkəzi Seçki Komissiyasına («MSK») identik şikayətlər təqdim edərək, inter alia, bildirmişdir ki:

(i) yerli icra və özünüidarə orqanları, eləcə də dövlət orqan və təşkilatlarının rəhbərləri seçki günündən əvvəl və sonra Z.O.-nun xeyrinə seçkiyə müdaxilə etmişlər (onun xeyrinə açıq təbliğat aparmaq və ona səs verməyə məcbur etmək formasında);

(ii) Z.O.-nun tərəfdarları (əksəriyyəti müxtəlif növ dövlət rəsmiləri) seçiciləri qorxuzmuş və seçki məntəqələrində seçicinin seçiminə təsir etməyə başqa yollarla çalışmışlar;

(iii) bir neçə seçki məntəqələrində müşahidəçilər sorğulanmış və ya seçki sahəsindən polis tərəfindən çıxarılmışlar;

(iv) müvafiq seçki ərazilərində yaşayan bəzi seçicilər, dövlət orqanları onları müvafiq seçki siyahılarına daxil etdirmədikləri üçün səs vermək hüquqlarını həyata keçirə bilməmişlər; və

(v) bir çox şəxslərin birlikdə səs vermə və müxtəlif seçki məntəqələrində seçki qutularının həddən artıq yüklənmə halları baş vermişdir.

10. İddialarının əsası kimi ərizəçi MSK-ya 30-dan artıq seçki müşahidəçilərinin aktlarının, audio kassetlərin və şikayət edilən qanunsuzluqların spesifik hallarını təsdiq edən başqa sübutların əsillərini təqdim etmişdir.

11. On dəqiqəlik audio yazı şəxsiyyətləri naməlum olan bir neçə seçicilərlə müsahibələri əks etdirmişdir. Həmin seçicilər, inter alia, qeyd etmişlər ki, seçki günündən əvvəl dairənin ərazisində yerləşən (məktəb və kitabxanalar kimi) hökumət orqanlarının və dövlət təşkilatlarının rəhbərləri Z.O.-ya səs verməyə öz işçilərinə göstərişlər vermək üçün xüsusi məqsədli kollektivlərlə müşavirələr keçirərək, Z.O. seçkidə qalib gəlmədiyi halda, onların maaşlarını kəsəcəkləri ilə hədələmişlər.

12. İmzaladıqları yazılı izahatda 1 saylı seçki məntəqəsindəki yeddi müşahidəçi, inter alia, bildirmişlər ki, iyirmi beş seçici iki dəfə səs vermiş, lakin həmin seçki məntəqəsi üzrə məntəqə seçki komissiyasının («MənSK») sədri bu məsələ onun diqqətinə çatdırılarkən hər hansı hərəkət etməmişdir.

13. 11 saylı seçki məntəqəsində yeddi müşahidəçi, inter alia, qeyd etmişlər ki, seçki məntəqəsinin yerləşdiyi dövlət məktəbinin müdiri seçki prosesinə açıq-aşkar müdaxilə etmiş və MənSK-nın üzvlərinin hər hansı etirazı olmadan MənSK-nın funksiyalarına qarışmışdır. Həmçinin, bu məktəbin müdiri polis əməkdaşına göstəriş verib ki, müşahidəçilərdən birini seçki məntəqəsindən məcburi çıxarsın.

14. 14 saylı seçki məntəqəsində üç müşahidəçi, inter alia, qeyd etmişlər ki, müəyyən konkret dövlət rəsmisi seçki məntəqəsinin sahəsində Z.O.-nun xeyrinə açıq-aşkar təbliğat aparmaqla, seçki prosesinə fəal müdaxilə etmiş, seçicilərdən ona səs verməyi xahiş etmiş və Z.O.-ya səs vermək üçün qeydiyyatdan keçməmiş seçki qruplarını seçki məntəqəsinə gətirmişdir.

15. 16 saylı seçki məntəqəsində səkkiz müşahidəçi MənSK-nın üzvü tərəfindən seçki qutusunun doldurulmasının şahidi olmuşdur.

16. 31 saylı seçki məntəqəsində altı müşahidəçi və namizədlərin nümayəndələri tərəfindən imzalanmış yazılı ifadədə göstərilib ki, saat 7-də səsvermənin nəticələrini hesablamağa başlayarkən, MənSK sədrinin göstərişinə əsasən bütün müşahidəçilər seçki məntəqəsinin sahəsindən polis tərəfindən məcburi çıxarılmışlar. Müşahidəçilər olmadan bir neçə yüz saxta bülletenlər qanunsuz olaraq Z.O.-nun həmin seçki məntəqəsindəki səslərinə əlavə olunmuşdur. Sözügedən seçki məntəqəsindən müşahidəçilər tərəfindən imzalanmış başqa yazılı ifadəyə görə, MənSK sədri, icra və yerli özünüidarə orqanlarının nümayəndələri seçki prosesinə müdaxilə etmişlər və seçicilərə Z.O.-ya səs verməyə dair təlimat vermişlər. Digər yazılı ifadəyə müvafiq olaraq, bu seçki məntəqəsindəki seçici siyahılarında da bir neçə çatışmazlıqlar olmuşdur.

17. 41 saylı seçki məntəqəsində üç müşahidəçi, inter alia, qeyd etmişlər ki, səslər hesablanarkən komissiya üzvləri qanunsuz olaraq bir neçə bülletenlər əlavə etmişlər.

18. Öz yazılı izahatlarında 7, 12, 13, 15, 29, 30 və 37 saylı seçki məntəqələrindən müşahidəçilər Z.O.-nun xeyrinə iddia olunan qanunsuz təbliğatın, seçki qutularının doldurulmasının və bülletenlərin saxtalaşdırılmasının başqa formalarının və seçici siyahıları ilə bağlı qanunsuzluqların oxşar hadisələrini sənədləşdirmişlər. Bir neçə müşahidəçilər, həmçinin qeyd etmişlər ki, bəzi seçki məntəqələrində səsvermə kabinəsi standartlara uyğun olmamışdır.

 

B. Seçki komissiyalarının reaksiyası

 

19. Ərizəçiyə görə, nə DSK, nə də MSK onun şikayətlərinə cavab verməmişlər.

20. Hökumətə görə, ərizəçinin şikayəti DSK tərəfindən araşdırılmışdır. Hökumət tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, ərizəçinin şikayətini qəbul etdikdən sonra DSK ərizəçinin iddiaları ilə bağlı müvafiq məntəqə seçki komissiyalarının sədrlərindən və üzvlərindən izahatlar tələb etmişdir. Cavab olaraq, təxminən iyirmi MənSK sədri və üzvləri hamısı 21 noyabr 2005-ci ildə imzalanmaqla, qısa əlyazma dəlillərini (onlardan bəziləri bir və ya iki cümlə ilə məhdudlaşır) və ya izahatlarını təqdim etmişlər. Bütün bu qeydlərdə ümumi ifadələrlə göstərilmişdir ki, onların müvafiq seçki məntəqələrində seçki prosesi yaxşı keçmiş, hər hansı qanunsuzluqlar, seçicilərin üzərinə hər hansı təzyiqlər və ya seçki qanununun istənilən digər pozuntuları olmamış və əksinə, ərizəçinin bütün iddiaları saxta olmuşdur.

21. 23 noyabr 2005-ci ildə DSK ərizəçinin şikayətini rədd etmişdir. Ərizəçinin spesifik iddialarını təfsilatı ilə araşdırmadan, o hesab edib ki, onlar əsassızdır. Eyni zamanda, DSK təsdiq edib ki, 37 saylı və «bəzi digər» (naməlum) seçki məntəqələrində səsvermə kabinələrı qaneedici olmayıb. Bu qənaət həmin seçki məntəqələrində və ya bütövlükdə dairədə rəsmi seçki nəticələri üçün hər hansı nəticələr törətməyib.

22. Həmin gün, 23 noyabr 2005-ci ildə MSK ölkə üzrə bütün seçki nəticələrini (bir neçə seçki dairələri istisna olmaqla) təsdiq edən yekun protokolunu qəbul etmiş və müvafiq sənədlərlə birgə onu yoxlanılması və seçki nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim etmişdir. 93 saylı Bərdə şəhər Seçki Dairəsi üçün seçkinin nəticələri MSK tərəfindən təsdiq olunmaqla, Z.O. bu dairədə qalib kimi təsdiq edilmişdir.

23. Ölkə üzrə nəticələrə görə, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası yenə də Milli Məclisdə əksər yerləri əldə etmişdir.

 

C. Məhkəmə araşdırmaları

 

24. 25 noyabr 2005-ci ildə ərizəçi Apellyasiya Məhkəməsinə iddia ilə müraciət edərək, 93 saylı Bərdə şəhər Seçki Dairəsi üzrə seçki nəticələri hissəsində MSK-nın yekun protokolunun etibarsız hesab olunmasını xahiş etmişdir. Seçki komissiyalarına artıq etdiyi bütün şikayətlərini təkrar etməkdən əlavə o, həmçinin, bütövlükdə dairədə seçki nəticələrinin hesablanması üçün əsas olmuş məntəqə seçki komissiyası protokollarında olan spesifik ziddiyyətlərdən şikayət etmişdir. Xüsusən, o, müəyyən rəqəmlərin düzgün əlavə olunmadığı 11 saylı seçki məntəqəsi üzrə MənSK-nın protokolunda əhəmiyyətli ziddiyyəti qeyd etmişdir. Nəticədə, MənSK üçün ilkin olaraq verilmiş 1000-dən artıq bülletendən 700 bülleten «itmiş» kimi görünür (protokolda göstərilib ki, konkret bu seçki məntəqəsində 313 şəxs səs vermiş, lakin 700-dən artıq bülletenlərə nə olduğuna dair hər hansı izahat gətirilmədən qalan bülletenlərdən yalnız on biri «istifadə olunmamış» və formal olaraq «ləğv olunmuş» kimi göstərilmişdir). Həmin vəziyyət MənSK-nın 13 saylı seçki məntəqəsi üzrə protokolunda da yaranmışdır. Orada 600-dən artıq bülleten hesablanmamışdır. İddia olunur ki, eyni ziddiyyətlər beş başqa seçki məntəqələri üzrə MənSK-nın protokollarında da müəyyən olunmuşdur. Ərizəçi iddia edib ki, bu «itmiş» bülletenlər aradan götürülmüş və müxtəlif başqa seçki məntəqələrində Z.O.-nun xeyrinə seçki qutularının doldurulması üçün qanunsuz istifadə olunmuşdur.

25. Ərizəçi iddia edib ki, bütün bu qanunsuzluqlara görə onun seçki dairəsində seçicilərin əsl fikrini müəyyən etmək mümkün olmamışdır. O, həmçinin şikayət edib ki, MSK onun 07 noyabr 2005-ci il tarixli şikayətini araşdırmamışdır. İddialarının əsası kimi ərizəçi müşahidəçilərin yazılı izahatları və audio materialların surətləri daxil olmaqla, əvvəllər MSK-ya təqdim olunmuş həmin sübutların surətlərini təqdim etmişdir.

26. 28 noyabr 2005-ci ildə Apellyasiya Məhkəməsi ərizəçinin iddialarını əsassız kimi rədd etmişdir. Məhkəmə yazılı izahatların surətlərini məqbul sübut kimi qiymətləndirməyərək qeyd etmişdir ki, Mülki Prosessual Məcəlləyə («MPM») müvafiq olaraq bu yazılı izahatların ya əsli və ya notariat qaydada təsdiq olunmuş surətləri təqdim edilməlidir. Xüsusən, Apellyasiya Məhkəməsinin qətnaməsinin əsaslandırılmasının əksər hissəsi aşağıdakılarla məhdudlaşdırılmışdır:

 

«MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

 

Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

 

İşdə olan materiallara və tərəflərin dəlillərinə əsasən, ərizəçinin MSK-ya qarşı tələbi təmin edilə bilməz. 93 saylı Bərdə şəhər Seçki Dairəsinə aid iddia olunan hadisələr tələbdə göstərildiyi kimi baş verməmişdir. İddiaya əlavə olunmuş sənədlər kserosurətlərdir və sənədlərin əsilləri və ya notariat qaydada təsdiq olunmuş surətləri təqdim olunmamışdır. Bu mənada, iddiaya əlavə olunmuş yazılı izahatlar sübut kimi qəbul oluna bilməz. Digər tərəfdən, seçici siyahılarından seçicilərin əhəmiyyətli sayının iddia olunan göstərilməməsi işdə olan materiallarla təsdiq edilmir.

 

Belə olan halda, məhkəmə hesab edir ki, ərizəçinin MSK-ya qarşı iddiası rədd olunmalıdır.»

 

27. 30 noyabr 2005-ci ildə ərizəçi tələblərini təkrarlamaqla, Ali Məhkəməyə şikayət etmişdir. O, həmçinin qeyd edib ki, 07 noyabr 2005-ci ildə sənədli sübutların əsillərini MSK-ya təqdim etmiş və iddia etmişdir ki, Apellyasiya Məhkəməsi bunu nəzərə almamışdır.

28. 01 dekabr 2005-ci ildə Ali Məhkəmə Apellyasiya Məhkəməsinin 28 noyabr 2005-ci il tarixli qətnaməsində göstərilən eyni əsaslarla ərizəçinin şikayətini rədd etmişdir. MSK-ya təqdim olunması iddia olunan sənədli sübutların əslinə gəldikdə, Ali Məhkəmə qeyd edib ki, ərizəçi nə vaxtsa MSK-ya şikayətlə müraciət etməsini təsdiq edən sübutu təqdim edə bilməmişdir. Ali Məhkəmənin qərarının əsaslandırılması aşağıdakı kimi olmuşdur:

 

«MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

 

Ərizəçi tələbinin əsasını təşkil edən iddialarını təsdiq edə bilən hər hansı inandırıcı sübut təqdim edə bilməmişdir. İddiaya əlavə olunmuş yazılı izahatların surətləri qanuni və əsaslı şəkildə Apellyasiya Məhkəməsi tərəfindən qəbul olunmamışdır, ona görə ki, onlat notariat qaydada təsdiq edilməmişdir.

 

Bundan başqa, işin materiallarında ərizəçi tərəfindən Seçki Məcəlləsinin 112-ci maddəsində göstərilmiş qaydada seçki komissiyalarına müraciət etməsini təsdiq edən hər hansı materiallar yoxdur.

 

Ərizəçi tərəfindən şifahi iclasda MSK-ya yazılı izahatların əsillərinin təqdim olunması iddia edilsə belə, o, MSK-ya həqiqətən müraciət etməsini göstərən hər hansı sübut təqdim etməmişdir.

 

Hər bir halda, MPM-in 89 və 90-cı maddələrinə müvafiq olaraq məhkəmələrə sənədlərin əsli və ya lazımınca təsdiq olunmuş surətləri təqdim olunmalıdır. Ərizəçi bu qaydaya riayət etməmişdir.

 

MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

 

Məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi müvafiq qanunvericiliyi düzgün tətbiq etmiş və iddianın əsassız olması barədə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, qətnamənin ləğv olunması üçün əsas yoxdur.»

 

29. Həmin gün, 01 dekabr 2005-ci ildə Konstitusiya Məhkəməsi 93 saylı Bərdə şəhər Seçki Dairəsi daxil omaqla, əksər seçki dairələrində seçkinin nəticələrini təsdiq etmişdir.

 

II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK

 

30. Aşağıdakılar Seçki Məcəlləsinin müvafiq dövrdə qüvvədə olan kimi bəzi müddəalarıdır.

 

1. Seçki komissiyaları: sistem, tərkib və qərar qəbuletmə prosesi

 

31. Seçkilər və referendumlar seçki prosesinə aid məsələlərin geniş dairəsini həll etməyə səlahiyyətli olan seçki komissiyaları tərəfindən təşkil edilir və keçirilir (17-ci maddə). Seçki komissiyaları sisteminə aşağıdakı komissiyalar daxildir: (a) Mərkəzi Seçki Komissiyası (“MSK”); (b) dairə seçki komissiyaları (“DSK”); və (c) məntəqə seçki komissiyaları (“MənSK”) (18.1-ci maddə).

32. Seçki komissiyasının sədri (Mərkəzi Seçki Komissiyasında həmçinin sədr müavini), iki katibi seçki komissiyasının birinci iclasında açıq səsvermə yolu ilə seçilirlər. Seçki komissiyasının sədri seçilənədək onun birinci iclasında və ya sədr olmadıqda iclasa yaşı daha çox olan üzv sədrlik edir. Seçki komissiyasının sədri Milli Məclisdə deputatları çoxluq təşkil edən siyasi partiyanı, katiblərin hər biri isə Milli Məclisdə deputatları azlıq təşkil edən siyasi partiyaları və müstəqil deputatları təmsil edirlər (19.3-cü maddə).

33. Seçki komissiyasının iclası sədr tərəfindən, habelə komissiyanın həlledici səs hüquqlu üzvlərinin azı 1/3 hissəsinin tələbi ilə çağırılır (19.5-ci maddə). Seçki komissiyasının iclası komissiyanın həlledici səs hüquqlu üzvlərinin 2/3 hissəsi iştirak etdikdə səlahiyyətli hesab edilir (19.10-cu maddə). İclasda iştirak edən üzvlərin üçdə ikisini təşkil edən səlahiyyətli çoxluğun səsləri istənilən dərəcəli hər hansı komissiyanın qərarının qəbul olunması üçün tələb olunur (28.2, 34.3 və 39.3-cü maddələr).

34. Mərkəzi Seçki Komissiyasının 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə (24-cü maddə).

35. Dairə seçki komissiyası 9 üzvdən ibarətdir. Dairə seçki komissiyasının üzvləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilirlər. Dairə seçki komissiyasının 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən təqdim edilir. Dairə seçki komissiyasının üzvlüyünə namizədləri Mərkəzi Seçki Komissiyasında siyasi partiyaları təmsil edən komissiyanın üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları da təqdim edə bilərlər. Heç bir siyasi partiyaya mənsub olmayan deputatları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən dairə seçki komissiyasına irəli sürülmüş namizədlərin 2-si maraqlı tərəflərlə razılaşdırılır: 1 namizəd deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə, digər namizəd deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə (30-cü maddə).

36. Məntəqə seçki komissiyaları müvafiq dairə seçki komissiyaları tərəfindən 6 üzvdən ibarət tərkibdə təşkil edilir. Məntəqə seçki komissiyasının 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını dairə seçki komissiyasında təmsil edən üzvlər tərəfindən təqdim edilir. Məntəqə seçki komissiyasının üzvlüyünə namizədləri dairə seçki komissiyasında partiyaları təmsil edən dairə seçki komissiyasının üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları, heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını təmsil edən dairə seçki komissiyasının üzvlərinə isə seçicilər də (seçicilərin təşəbbüs qrupları) təklif edə bilərlər. Həmin namizədlər müvafiq seçki dairəsinin ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları olmalıdırlar (36-cı maddə).

 

2. Seçki mübahisələrinin həlli

 

37. Namizədlər və digər maraqlarına toxunulmuş şəxslər vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər (112.1-ci maddə).

38. Belə şikayətlər müvafiq yuxarı seçki komissiyasına birbaşa təqdim edilə bilər (112.2-ci maddə). Yuxarı seçki komissiyası aşağı seçki komissiyasının qərarını ləğv etmək, məsələnin mahiyyəti üzrə qərar qəbul etmək və ya məsələyə yenidən baxılması haqqında göstəriş vermək hüququna malikdir (112.9-cu maddə). Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə apellyasiya instansiyası məhkəməsinə şikayət edilə bilər (112.3-cü maddə).

39. Şikayətin araşdırılması zamanı cinayət əməlinin olması ehtimal edilərsə, bu barədə prokurorluq orqanına məlumat verilir. Hər bir şikayətə dair Mərkəzi Seçki Komissiyası əsaslandırılmış qərar qəbul etməlidir. Müvafiq prokurorluq orqanı həmin məlumata 3 gün müddətində baxmalıdır (112.4-cü maddə).

40. Seçki Məcəlləsində müəyyən olunmuş hallarda, məhkəmlər səsvermə nəticələrinə və seçki nəticələrinə aid qərarlar daxil olmaqla, müvafiq seçki komissiyalarının qərarlarını ləğv etmək səlahiyyətinə malikdirlər (112.5-ci maddə).

41. Konkret namizədin seçilməsinin etibarsız sayılması barədə müraciətə baxılarkən, seçki komissiyası vətəndaşların və vəzifəli şəxslərin məlumatını dinləmək, zəruri sənəd və materialları tələb etmək və almaq hüququna malikdir (112.8-ci maddə).

42. Seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar 3 gün müddətində, səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır (112.10-cu maddə).

43. Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr (bu Məcəllə ilə daha qısa müddət müəyyən edilməyibsə) 3 gün müddətində baxmalıdırlar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər (112.11-ci maddə).

44. Seçki prosesinə qanunsuz müdaxilə edən və seçicilərin və ya namizədlərin seçki hüquqlarını digər yolla pozan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Mülki Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cinayət, mülki və ya inzibati məsuliyyətə cəlb edilə bilərlər (115-ci maddə).

 

3. Səslərin hesablanması, protokollaşdırma və seçki nəticələrinin təsdiqi

 

45. Seçki gününün sonunda seçki məntəqəsində səslər hesablandıqdan sonra MənSK seçki məntəqəsində səsvermənin nəticələrini sənədləşdirən seçki protokolunu (üç nüsxədə) tərtib edir (106.1-106.6-cı maddələr). MənSK-nın protokolunun bir nüsxəsi digər müvafiq sənədlərlə birlikdə 24 saatdan gec olmayaraq dairə seçki komissiyasına göndərilir (106.7-ci maddə). Dairə seçki komissiyası təqdim olunan sənədlərin qanunun tələblərinə cavab verməsini, səsvermənin nəticələrində uyğunsuzluğun olub-olmamasını yoxlayır (107.1-ci maddə). Dairə seçki komissiyasının protokolu məntəqə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında səsvermə günündən 2 gün keçənədək tərtib edilir (107.2-107.7-ci maddələr). DSK-nın protokolunun bir nüsxəsi digər müvafiq sənədlərlə birlikdə seçki günündən sonra iki gün ərzində Mərkəzi Seçki Komissiyasına göndərilir (107.4-cü maddə). MSK təqdim olunan sənədlərin qanunun tələblərinə cavab verməsini, səsvermənin nəticələrində uyğunsuzluğun olub-olmamasını yoxlayır və dairə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında özünün yekun protokolunu tərtib edir (108.2-ci maddə).

46. Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını yoxlayır və təsdiq edir (171.1-ci maddə). Bu məqsədlər üçün Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını (bu Məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlayır, 48 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir (171.2-ci maddə).

47. Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin bu Məcəlləyə uyğunluğunu yoxlayır. Yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər (171.3-cü maddə).

 

B. Mülki Prosessual Məcəllə

 Yazılı sübutlar

 

48. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2-ci maddə).

49. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1-ci maddə). Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (77.2-ci maddə). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3-cü maddə).

50. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir (89.3-cü maddə).

 Seçki mübahisələrinə aid icraat

 

51. MPM-in 25-ci Fəsli seçki hüquqlarının (referendumda iştirak) müdafiəsinə dair ərizələrə baxılmasının qaydalarını müəyyən edir. 290-cı maddəyə əsasən, belə ərizələr apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir.

52. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş ərizələrə məhkəmə tərəfindən 3 gün müddətində (seçkilər günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə - dәrhal) baxılır (291.1-ci maddə). Məhkəmə tərəfindən ərizəyə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur (291.2-ci maddə).

53. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə 3 gün müddətində bu Məcəllə ilə müəyyən edilmiş qaydada şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində (seçki günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə - dərhal) baxılır və məhkəmənin qəbul etdiyi qərar qətidir (292-ci maddə).

 

III. MÜVAFİQ BEYNƏLXALQ SƏNƏDLƏR

 

A. Seçki Məsələlərində Müsbət Təcrübə Məcəlləsi

 

54. Qanun vasitəsilə Demokratiya uğrunda Avropa Komissiyası (“Venesiya Komissiyası”) tərəfindən 51 və 52-ci sessiyalarında (5-6 iyul və 18-19 oktyabr 2002-ci ildə) qəbul olunmuş Seçki Məsələlərində Müsbət Təcrübə Məcəlləsindən müvafiq çıxarışlar aşağıdakıları nəzərdə tutur:

 

“Seçkİlər haqqında Qaydalar

 

...

 Prosessual təminatlar

 

3.1. Qərəzsiz orqan tərəfindən seçkilərin təşkili

 Qərəzsiz orqan seçki qanunvericiliyinin tətbiqinə cavabdeh olmalıdır.

 İnzibati orqanların siyasi hakimiyyətdən müstəqilliyinin davamlı ənənəsi olmayan halda, milli dərəcədən başlayaraq seçki məntəqəsinədək müstəqil, qərəzsiz seçki komissiyaları bütün dərəcələrdə müəyyən edilməlidir.

 Mərkəzi seçki komissiyası daimi fəaliyyət göstərməlidir.

 Mərkəzi Seçki Komissiyası aşağıdakıları daxil etdirə bilər:

 

iii. Daxili İşlər Nazirliyinin nümayəndəsi;

 

iv. milli azlıqların nümayəndələri.

 Siyasi partiyalar seçki komissiyalarında bərabər təmsil olunmalı və ya qərəzsiz orqanın işini müşahidə etmək imkanına malik olmalıdırlar. Bərabərlik konkret və ya proporsional əsaslarla təşkil oluna bilər...

 

...

 

h. Arzuolunandır ki, seçki komissiyaları qərarları səlahiyyətli çoxluqla və ya konsensusla qəbul etsinlər.

 

...

 

3.3. Səmərəli şikayət sistemi

 

a. Seçki məsələlərində şikayət orqanı ya seçki komissiyası və ya məhkəmə olmalıdır. Parlament seçkilərində Parlamentə şikayət birinci instansiya kimi nəzərdə tutula bilər. Hər bir halda, məhkəməyə yekun şikayət mümkün olmalıdır.

 

b. Prosedur sadə olmalı və xüsusən, şikayətlərin məqbuliyyətində formalizmə yol verilməməlidir.

 

...

 Şikayət instansiyası - seçki qeydiyyatı daxil olmaqla - xüsusilə səs vermək hüququ, seçilmək hüququ və namizədlərin qanuniliyi, seçki kampaniyasına aid qaydalara riayət olunması və seçkinin nəticələri kimi məsələlər üzərində səlahiyyətli olmalıdır.

 Qanunsuzluqlar nəticəyə təsir etdikdə, şikayət instansiyası seçkiləri ləğv etmək səlahiyyətinə malik olmalıdır. Bütün seçkini və ya sadəcə olaraq bir dairə, yaxud da bir məntəqə üzrə seçkiləri ləğv etmək mümkün olmalıdır. Ləğv olunma halında, sözügedən sahədə yeni seçki keçirilməlidir.

 Müvafiq dairədə qeydə alınmış bütün namizədlər və bütün seçicilər şikayət vermək hüququna malik olmalıdırlar. ...

 Şikayətlərin verilməsi və onlara baxılması üçün müddətlər qısa olmalıdır (hər biri üçün birinci instansiyada üç və ya beş gün).

 Hər iki tərəfi cəlb edən baxışa ərizəçinin hüququ müdafiə edilməlidir.

 Şikayət instansiyası yuxarı seçki komissiyası olduqda, o, aşağı seçki komissiyaları tərəfindən qəbul olunmuş qərarları ex officio dəyişməyə və ya ləğv etməyə səlahiyyətli olmalıdır.

 

...

 

İZAH HESABATI

 

...

 

3.1. Qərəzsiz orqan tərəfindən seçkilərin təşkili

 

68. Yalnız şəffaflıq, qərəzsizlik və siyasi motivli manipulyasiyadan müstəqillik seçkiqabağı dövrdən seçki nəticələrinin hesablanmasının sonunadək seçki prosesinin lazımınca keçirilməsini təmin edə bilər.

 

69. İnzibati orqanların siyasi hakimiyyətdən müstəqilliyinin davamlı ənənəsi olmayan halda, mülki orqanlar siyasi təzyiqlərə məruz qalmadan seçki qanunvericiliyini tətbiq edirlər. Bu səbəbdən, inzibati orqanlar tərəfindən seçkilərin keçirilməsi və Daxili İşlər Nazirliyi tərəfindən nəzarət olunması həm normal, həm də qəbul ediləndir.

 

70. Lakin plüralist seçkilərin təşkilində kiçik təcrübəsi olan ölkələrdə hökumət tərəfindən istədiyini etməyə inzibati orqanları məcbur etməyin çox böyük təhlükəsi vardır. Bu, həm mərkəzi, həm də yerli hakimiyyətə aiddir – hətta sonuncu milli müxalifət tərəfindən nəzarət olunsa belə.

 

71. Buna görə, müstəqil, qərəzsiz seçki komissiyaları milli müstəvidən seçki məntəqələrinədək müyyən olunmalıdır ki, seçkilərin lazımınca keçirilməsini təmin etsinlər və ya ən azı qanunsuzluğun ciddi şübhəsini aradan qaldırsınlar.

 

3.3. Səmərəli şikayət sistemi

 

92. Seçki qanununun müddəalarının səhifədə sadəcə sözlərdən artıq olması arzu olunursa, seçki qanununa riayət olunmaması şikayət instansiyası qarşısında mübahisələndirmə üçün açıq olmalıdır. Bu, xüsusilə seçki nəticələrinə tətbiq olunur: fərdi vətəndaşlar səsvermə prosedurunda qanunsuzluqlardan onları mübahisələndirə bilməlidirlər. Bu, həmçinin seçkidən əvvəl, xüsusilə səs vermək hüququ, seçki siyahıları və namizədliyin irəli sürülməsi, namizədlərin qanuniliyi, seçki kampaniyasını tənzimləyən qaydalara riayət etmə və mediaya və ya partiya maliyyələşməsi ilə bağlı qəbul olunmuş qərarlara aiddir.

 

93. İki mümkün həll yolu vardır:

 

- şikayətlərə aid məhkəmələr, xüsusi məhkəmə və ya konstitusiya məhkəməsi baxa bilər;

 

- şikayətlərə seçki komissiyaları baxa bilər. Seçki komissiyaları xüsusilə ixtisaslaşmış olduqları üçün onlara üstünlük verilə bilər, ona görə ki, məhkəmələr seçki məsələlərində daha az təcrübəli görünür. Qabaqlayıcı tədbir kimi arzuolunandır ki, məhkəmə nəzarətinin müəyyən forması mövcud olsun ki, yuxarı komissiya birinci şikayət instansiyasını və səlahiyyətli məhkəmə ikinci şikayət instansiyasını təşkil etsinlər.

 

...

 

95. Seçkidən əvvəl qəbul edilməli olan qərarlara aid hər hansı işdə şikayət araşdırmaları mümkün qədər qısa olmalıdır. Bu mənada, iki səhvə yol verilməməlidir: birincisi, şikayət icraatı seçki prosesini yubandırmamalı və ikincisi, təxirəsalıcı effektlərinin olmadığını nəzərə alaraq, şikayətlər üzrə əvvəl qəbul edilə bilən qərarlar seçkidən sonra çıxarılmamalıdır. Əlavə olaraq, xüsusilə siyasi mühit gərgin olduqda, seçkinin nəticələri üzrə qərarlar da çox çəkməməlidir. Bu, həm də onu nəzərdə tutur ki, şikayətlərin verilməsi üçün müddətlər çox qısa olmalı və şikayətə baxan orqan öz qərarını mümkün qədər tez çıxarmalıdır. Lakin bu müddətlər şikayəti mümkün etmək, müdafiənin hüquqlarının həyata keçirilməsini və qərarın qəbul olunmasını təmin etmək üçün kifayət qədər uzun olmalıdır. Birinci instansiyada üç və ya beş günlük müddət (həm şikayətlərin verilməsi, həm də qərarın çıxarılması üçün) qərarların seçkilərdən əvvəl qəbul olunması üçün əsaslı görünür. Bununla belə, qərarlarının qəbul olunması üçün Ali və Konstitusiya məhkəmələrinə daha çox vaxtın verilməsi yolveriləndir.

 

96. Proses də sadə olmalı və bu məqsədlə seçicilərə xüsusi şikayət formaları təqdim edilməlidir. Formalizmdən yayınmaq və xüsusilə siyası incə işlərdə qeyri-məqbuliyyət barədə qərardadlardan çəkinmək lazımdır.

 

...

 

99. Belə şikayətləri vermək hüququ mümkün qədər geniş şəkildə təqdim edilməlidir. Dairədə hər seçiciyə və namizədə şikayət vermək hüququ təqdim edilməlidir. Lakin seçkinin nəticələrindən şikayətlər üçün ağlabatan kvorum tətbiq oluna bilər.

 

100. Şikayət prosesi məhkəmə xarakterli olmalıdır, o mənada ki, hər iki tərəfin dinlənildiyi icraatda şikayətçilərin hüququ təmin edilməlidir.

 

101. Şikayət instansiyalarının səlahiyyətləri də əhəmiyyətlidir. Qanunsuzluqlar nəticəyə, yəni mandatların bölünməsinə təsir etdikdə, onlar seçkiləri ləğv etmək səlahiyyətinə malik olmalıdır. Bu, ümumi prinsipdir, lakin o, tənzimləməyə açıq olmalıdır, yəni ləğv etmə mütləq bütün ölkəyə və ya dairəyə təsir etməməlidir - əslində, yalnız bir seçki məntəqəsinin nəticələrinin ləğvi mümkün olmalıdır. Bu, iki təhlükədən yayınmağı mümkün edir – qanunsuzluqların yalnız kiçik sahədə baş verməsinə baxmayaraq, bütün seçkilərin ləğvi və təsir sahəsinin çox kiçik olması səbəbindən ləğv etmədən imtina. Nəticələrin ləğv olunduğu sahələrdə seçkilər təkrar keçirilməlidir.

 

102. Yuxarı seçki komissiyaları şikayət instansiyası olduqda, onlar aşağı seçki komissiyaları tərəfindən qəbul olunmuş qərarları ex officio dəyişməyə və ya ləğv etməyə səlahiyyətli olmalıdır.”

 

B. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Demokratik İnstitutlar və İnsan Hüquqları Ofisinin (OSCE/ODİHR) 06 noyabr 2005-ci il Parlament Seçkilərinin Seçki Müşahidəsi Missiyasının Yekun Hesabatı

 

55. Aşağıdakılar 01 fevral 2006-cı ildə Polşanın Varşava şəhərində dərc olunmuş hesabatdan müvafiq çıxarışlardır:

 

“III. SİYASİ VƏZİYYƏT

 

...

 

Azərbaycanın Milli Məclisinə 06 noyabr 2005-ci il seçkilər

Üyelik Paketleri

Dünyanın en kapsamlı hukuk programları için hazır mısınız? Tüm dünyanın hukuk verilerine 9 adet programla tek bir yerden sınırsız ulaş!

Paket Özellikleri

Programların tamamı sınırsız olarak açılır. Toplam 9 program ve Fullegal AI Yapay Zekalı Hukukçu dahildir. Herhangi bir ek ücret gerektirmez.
7 gün boyunca herhangi bir ücret alınmaz ve sınırsız olarak kullanılabilir.
Veri tabanı yeni özellik güncellemeleri otomatik olarak yüklenir ve işlem gerektirmez. Tüm güncellemeler pakete dahildir.
Ek kullanıcılarda paket fiyatı üzerinden % 30 indirim sağlanır. Çalışanların hesaplarına tanımlanabilir ve kullanıcısı değiştirilebilir.
Sınırsız Destek Talebine anlık olarak dönüş sağlanır.
Paket otomatik olarak aylık yenilenir. Otomatik yenilenme özelliğinin iptal işlemi tek butonla istenilen zamanda yapılabilir. İptalden sonra kalan zaman kullanılabilir.
Sadece kredi kartları ile işlem yapılabilir. Banka kartı (debit kart) kullanılamaz.

Tüm Programlar Aylık Paket

9 Program + Full&Egal AI
Ek Kullanıcılarda %30 İndirim
Sınırsız Destek
350 TL
199 TL/AY
Kazancınız ₺151
Ücretsiz Aboneliği Başlat